ADA-nın 10 illiyi ərəfəsində bir video hazırlamışdıq. Bu videoda məzunlar, professor-müəllimlər və inzibati işçilər ADA Universiteti barədə öz təəssüratlarını bölüşürlər.
Bu videonun sonunda mən də öz təəssüratlarımı bölüşmək istəmişəm. Burada mən, eyni zamanda, Hafiz Paşayevlə Üzeyir Hacıbəyovu müqayisə edirəm.
"Üzeyirə bənzədirəm mən onu. Aralarında nəsə bir oxşarlıq var. Opera birinci neft bumunun ən böyük müvəffəqiyyətlərindən biri idi. İkinci neft bumunun ən böyük müvəffəqiyyətlərindən biri ADA Universitetidir. Üzeyirin ağlında bir musiqi notu var idi. Qalxdı durdu getdi arxasınca. Qayıdanda dünya mədəniyyətinin ən qabaqcıl nümunəsi olan operanı gətirdi Azərbaycana. Onu millətinin kökü olan muğam üzərində bəstələdi. Müsəlman dünyasının ilk operasını Bakıda səhnəyə qoydu Üzeyir.
Hafiz Paşayev dünya təhsilinin ən qabaqcıl nümunəsini gətirdi Azərbaycana. Universitet qurdu sıfırdan. Bakının unudulmuş bir guşəsində maarifçilik ehtirası yaratdı. İndi də onu millətinin qürur nöqtəsinə çevirib.
ADA Azərbaycan universitetidir. Düzdü üslubu beynəlxalqdır, amma məğzi azərbaycanlıdır. Məslək deməkdir, vətəndaşlıq deməkdir, mənsubiyyət deməkdir ADA. Maarif, mədəniyyət, ədəb, savad, elm ocağıdır. Müəllimliyin həqiqi mənasıdır. Bundan artıq neynəmək olar ki həyatda?!"
Qalib Məmməd
1992-ci ildə Bakının Gülüstan Sarayında Leydi Marqaret Tetçeri tərcümə etmişdim. 24 il sonra, Gülüstan Sarayında səhnəyə çıxıb, Azərbaycanın aparıcı universitetinin Birinci Prorektoru kimi çıxış etdim. O axşam həmin zalda 500-dən çox qonaq vardı. Cəmisi 10 gün ərzində 1 milyon manatdan çox vəsait toplamışdıq. Bu vəsait hesabına vətən uğrunda həlak olan qəhrəmanlarımızın övladları və həyat yoldaşları ADA Universitetində pulsuz oxuya biləcək.
Read More2018-ci ilin məzun günü Şərq dünyasında ilk respublika olan Azərbaycan Demokratik Respublikasının 100 illiyinə həsr olunmuşdu. Biz, həmin gün bu məmləkətin 100 il ərzində qazandığı təfəkkür, maarif və dəyərləri vurğuladıq. Azərbaycanın Axundov, Zərdabi, Sabir, Üzeyir... kimi təfəkkür sahiblərinin portretləri və ruhu ilə dolu idi ADA Universiteti.
Read More2007-ci il idi və ADA-nın yeni tədris kompleksini dizayn etmək üçün ABŞ-da memarlıq şirkəti axtarırdıq. Kimsə təklif etdi ki, istədiklərimizin hamısını bir toplu şəklində yazaq və müsahibə etdiyimiz şirkətlərə yollayaq. Həmin axşam evə getdim, bir kağız yazdım. Onu potensial tələbə adından yazdım və Arzular Toplusu adlandırdım. Elə həmin axşam onu 20-yə yaxın şirkətə yolladım. Bu kağızı oxuyan bütün memarlıq şirkətləri o universitetin kampusunu dizayn etmək istəyirdi.
Read More