Bu video həmin mərasimin qısa xülasəsidir.
Həmin axşam Gülüstan Sarayında çıxışımın mətnini bölüşmək istərdim. Aşağıdakı video isə bütün tədbiri əhatə edir. Məzun olma mərasimindən sonra mənim çıxışım başlayır.
Xanımlar və cənablar,
Hər il bir axşam ADA Universitetinin tələbələri, müəllimləri və işçiləri bir ailə kimi masa arxasına toplaşır, çörək kəsir, özünün uğurlarını qeyd edir. Bu axşam biz eyni zamanda ADA Universitetinin 10 illiyini qeyd edirik.
Bu axşam 10 yaşımızda vətəndaşlıqdan və qəhrəmanlıqdan bəhs edəcəyik. Elmdən, savaddan, maarifçilikdən danışacayıq. Müəllimin fədakarlığından bəhs edəcəyik. Vətən uğrunda döyüşüb həlak olan qəhrəmanlarımızı qürur mənbəyimizə çevirəcəyik.
Azərbaycan ordusu erməni işğalçılarının qarşısına sipər kimi çıxdı bu aprel. Bu millət Koroğlusu, Babəki ilə fəxr edib tarixində. Bu həmin millətdir ki, bu gün onun zabiti özünü qumbara üstünə atır, əsgərlərini ölümdən xilas edir.
Onlarca iğid oğullarımızı, əsgər və zabitlərimizi itirdik aprelin əvvəlində. Əvəzində özümüzü tapdıq. Mənliyimiz möhkəmləndi, əzmimiz gücləndi, həyatımızda yeni məna yarandı. Azərbaycan igid ogullarını itirdi aprelin əvvəlində, amma qələbə qazandı.
Xanımlar və cənablar, xahiş edirəm vətən uğrunda həlak olan qəhrəmanlarımızın xatirəsini bir dəqiqəlik sükütla anmaq üçün ayağa qalxaq........ Təşəkkür edirəm.
Adətən, əzizini itirənin başına toplaşarıq, onun əlindən tutarıq, dadına yetişərik. Amma tək bunlar kifayət deyil. Hər bir insan üçün ən böyük dəstək ona təhsil verməkdir. Təhsil həyatda şans qazanmaq deməkdir. Təhsil ayağa qalxıb, müvəffəq olmaq deməkdir. Təhsil özünü dərk etmək, mənsubiyyətini anlamaq deməkdir. Təhsil əqidə, məslək, qürur deməkdir.
ADA Universiteti olaraq biz bunu daha yaxşı dərk edirik. Bu universitet bu dövlətin, bu xalqın sayəsində tikilib. Biz dövlətin bizə qayğısını cəmiyyətə qaytarmalıyıq. Ödəyəcəyimiz borc isə çox sadədir. Biz oxutmalıyıq, istedadı tapmalıyıq və onu oxutmalıyıq.
Bu axşam ADA Universiteti özünün ən böyük təqaüd fondunu təsis edir. Bu Təqaüd Fonduna vəsaitlərin toplanması kampaniyasına cəmi 3 həftə öncə başladıq. Artıq bir milyon manat vəsaiti ianə olaraq toplamışıq.
Bir zaman Hacı Zeynalabdın Tağıyevləri olan bu millət bu gün də imkanını, nüfuzunu, dövlətini başqaları ilə paylaşmaq əzmindədir. Bu axşam Gülüstan Sarayına minə yaxın vicdan, əqidə, məslək sahibi olan vətəndaş yığılıb. Sizin hər biriniz bizim qürur mənbəyimizdir bu gün. Bu təqaüd fondunu bu axşam burada oturan sizin kimi ləyaqətli və məsuliyyətli vətəndaşlardan toplamışıq. Bu misilsiz xidmətinizə görə, sizə dərin minnətdarlığımızı bildiririk. Sizin bu alicənablığınız qarşısında baş əyirik. Bu məmləkətin oğul və qızlarına öz ölkələrində beynəlxalq səviyyəli təhsil almaq imkanı yaratdığınız üçün sizə təşəkkür edirik. Bizə inandığınız üçün sizə təşəkkür edirik.
Bu gün, ADA Universiteti özünün təhsil haqqı fondundan bu Təqaüd Fonduna bir milyon manat da əlavə edir. Beləliklə, Təqaüd Fondunun bu günə olan həcmi 2 milyon manat təşkil edir. Onu bu ilin sonuna kimi 3 milyon manata çatdırmaq niyyətindəyik.
Biz bu vəsait hesabına vətən uğrunda həlak olan qəhrəmanlarımızın övladlarını ADA-da oxudacayıq, onlara və yüzlərlə digər Azərbaycanlıya ADA-da təhsil almaq üçün imkan yaradacayıq. İçinizdə oxumaq həsrəti varsa, sizi oxudacayıq. Elmə, biliyə istəyiniz varsa, nəyin bahasına olursa olsun, o istəyinizə çatmağa sizə kömək edəcəyik. Çunki elm və bilik sayəsində məslək sahibi olacaqsınız, məsuliyyəti daha dərindən başa düşüb, vətəndaşlığınıza sahib çıxacaqsınız.
.....Bu heykəlin qarşısında Gloria Jeans var. Bir həftə öncə müəllimlərimizdən biri məni burda kofe içməyə dəvət etdi. Elmdən, savaddan danışdıq, sonra durdu getdi mənə bir single espresso aldı, qoydu qabağıma, dedi səni bura bir məsləhət üçün çağırmışam. Dedi istəyirəm maaşımın bir hissəsini qoyum kənara, ondan yaxşı oxuyan tələbələrə təqaüd verim ki, oxuyub universiteti bitirə bilsinlər. Dedi başqa müəllimlərlə də danışmışam, onlar da eyni fikirdədilər. Oturmuşduq pəncərənin qarşısında baxırdıq Sabirin heykəlinə.
Qulağım bizim müəllimdəydi, gözüm Sabirin heykəlindəydi, ağlımsa Sabirin son sözlərinə getmişdi. “Qəzetdə yazarsan, Sabir deyirdi ki, mən vücüdumda olan ətimi xalqımın yolunda çürütdüm. Əgər ömür vəfa etsəydi, sümüklərimi də xalqımın yolunda qoyardım”.
Yüz il bundan əvvəl bir maarifçi deyib bu sözləri. Yüz il sonra, bir maarif evi yaradıb bu ölkə, indi orda təfəkkür sahibləri yetişdirir. Müəllimi də öz məvacibini elm öyrənmək istəyən tələbəsinə xərcləmək istəyir. Gözün aydın, Azərbaycan! Görəsən bir ölkənin bundan böyük sərvəti olarmı?!
Sabirin bir şeri vardı. Adı Arzudur. Deyir -
Nə dərs olaydı, nə məktəb, nə elmü sənət olaydı!
Nə dərsə, məktəbə, elmə, filanə hacət olaydı!
Nə səndəli, nə qarandaş, nə lövhü miz, nə təbaşir,
Nə dəftərə, qələmə, kağıza bu rəğbət olaydı!
Nə mədrəsə, nə müəllim, nə bu üsuli-cədidə,
Və nə uşaqlarımızda bu qabiliyyət olaydı!
Nə hüsn olaydı cavanlarda əmr-millətə qarşı,
Nə bu cavanlar olaydı və nə bu millət olaydı!
Mirzə Sabir, barı canın sağ, gözün bu cavanlarda olaydı indi! Bu axşam burda olsaydın, deyərdim ki, yazdığın arzu çin çıxmadı. Yüz ildən sonra, Bakı pırıl pırıl parıldayır. Səsi sorağı BMT-dən gəlir artıq.
Qürurlu millətimiz var indi. Gəlib görəsən nə məktəb yaratmışıq. Adı ADA-dır. Dərsə, elmə, sənətə nə qədər hörmət var burda. Səndəllərimiz rəngbərəngdir, Mirzə. Nə lövhə, nə təbaşir. Hansı sinif otagına girsən smartboard var. Dəftər, qələmdən az istifadə edirik. Kağızı çap etməyə yasaq qoymuşuq. Tələbənin əlində Macbook, müəllimin əlində İpad. Sənin oxuduğun o mədrəsələrdə olduğu kimi, əzbərləmək yoxdu, bu ADA-da, ay Mirzə. Tələbə müəllimi sual cavaba tutub buraxmır. Müəllim şərəf nümunəsidir hamımız üçün, aldığı məvacibi belə tələbəsinə xərcləmək istəyir. Uşaqlarımızda qabiliyyəti ğörəsən, ay Mirzə. Bizim cavanlarda əmr-millətə qarşı hüsn, məhəbbət var, Mirzə. Və bu varsa, demək millət var, onun əqidəsi var, gələcəyi var.
Qalib Məmməd
29 aprel 2016
Aşağıdakı video bütün tədbiri əhatə edir. Məzun olma mərasimindən sonra mənim çıxışım başlayır.
İyirminci əsrdə birinci neft bumu Azərbaycanda opera, balet, qızlar kolleci və bu kimi irs yaratdı. Bu nailiyyətlər müsəlman dünyasında ilk belə nümunələr idi. İyirmi birinci əsrdə ikinci neft bumu Azərbaycanda dünya standartları səviyyəsində universitet yaratdı. Opera birinci neft bumundan qalan ən böyük irslərdən biri idi. ADA Universiteti ikinci neft bumundan qalacaq ən böyük irslərdən biridir.
Read More2018-ci ilin məzun günü Şərq dünyasında ilk respublika olan Azərbaycan Demokratik Respublikasının 100 illiyinə həsr olunmuşdu. Biz, həmin gün bu məmləkətin 100 il ərzində qazandığı təfəkkür, maarif və dəyərləri vurğuladıq. Azərbaycanın Axundov, Zərdabi, Sabir, Üzeyir... kimi təfəkkür sahiblərinin portretləri və ruhu ilə dolu idi ADA Universiteti.
Read More2007-ci il idi və ADA-nın yeni tədris kompleksini dizayn etmək üçün ABŞ-da memarlıq şirkəti axtarırdıq. Kimsə təklif etdi ki, istədiklərimizin hamısını bir toplu şəklində yazaq və müsahibə etdiyimiz şirkətlərə yollayaq. Həmin axşam evə getdim, bir kağız yazdım. Onu potensial tələbə adından yazdım və Arzular Toplusu adlandırdım. Elə həmin axşam onu 20-yə yaxın şirkətə yolladım. Bu kağızı oxuyan bütün memarlıq şirkətləri o universitetin kampusunu dizayn etmək istəyirdi.
Read More