Arzu etməkdən çəkinmə. Qalx və arzularının arxasınca get.
İstək və əzm sayəsində önəmli həyat yaşamış olursan.

Qalib Məmməd

Aşağıya get

MƏNİM HEKAYƏM

Mən Azərbaycanın ucqar rayonlarından birində böyümüşəm. Hələ uşaq ikən, diplomat olmaq istəyirdim bir gün. Nə qədər çox oxuyurdumsa, bir o qədər də dünya böyüyürdü xəyallarımda. Günlərin bir günündə, xəyallarıma qovuşmaq və təhsil almaq həsrəti ilə o kiçik şəhərdən getdim. Təhsil alıb universiteti qurtaranda, özümü tarixin kəsişmə nöqtəsində tapdım. Sovet İttifaqı dağıldı və mənim ölkəm Azərbaycan müstəqil oldu. Mən də bu müstəqil Azərbaycanın ilk diplomatlarından biri oldum.

Təhsil məni kiçik bir şəhərdən apardı və xəyallarıma qovuşmağa imkan verdi. Müstəqillik həyat yolumu müəyyən etdi və dünyanın harasında oluramsa olum yüksəkliyə qalxmağa imkan yaratdı. Həyatda qazandığım hər bir müvəffəqiyyət üçün təhsilə və Azərbaycanın müstəqilliyinə borcluyam. Mənim hekayəm borcumu qaytarmaq, arzular arxasınca getmək və həyatda real bir şey yaratmaq barədədir. Burada öz hekayəmi öz dilimdən söyləmək istədim. 

BORCUNU QAYTARMAQ

Azərbaycan mənə şans verib. Mən isə dünyanı dolaşmışam, həmin şansdan istifadə edib özümü daha yaxşı Azərbaycanlı etmişəm. Çox ölkələrdə yaşamışam, saylarca xarici dil öyrənmişəm, müxtəlif mədəniyyətlərin ən yaxşı tərəfini götürmüşəm, bir işdən o birinə keçmişəm. Azərbaycan Səfirliyi, ABŞ-Azərbaycan Ticarət Palatası, Azərbaycan Ticarət və Mədəniyyət Mərkəzi, ADA Universiteti Fondu, və nəhayət, ADA Universiteti. Harada olsam, orada zəhmətlə çalışmışam. Qeyri-adi ideyalar, təşəbbüslər və xidmətlə. Mən Azərbaycanın ucqar nöqtəsindən Amerika Birləşmiş Ştatlarına gəldim. Bu möhtəşəm ölkə mənə öz potensialımı reallaşdırmağa və müvəffəq olmağa imkan yaratdı. Həmişə Azərbaycanlı-Amerikalı kimi qürur duymuşam və Azərbaycanın bir dəfə mənə verdiyi şansı özümə borc bilib ona qaytarmışam. 

ARZULAR ARXASINCA GETMƏK

Vəzifə və status kimi məhfumlara laqeydəm. Nəyisə sıfırdan yaratmaq, gördüyün işdən ləzzət almaq, ətrafdakılara müsbət təsir etmək, həyatı mənalı yaşamaq mənə daha çox zövq verir. Həyatım boyu arzular arxasınca getmişəm, onları axtarmışam və tapmışam.

Təsəvvür edin ki, qalstuk və kostyumu çıxarırsınız, zəhmətlə çalışan adamlara çay ikram edirsiniz, sonra səhnəyə çıxırsınız...işıqlar yanır...gözəl bir qadın səhnəyə çıxır, əlil arabasında, heç bir maneə olmadan, sizin tikdiyiniz yolla...və siz bu qadına həyatda özünü sübut etmək üçün şans vermisiniz. Həmin an siz səhnədən gedirsiniz və məclisi aparmağı ona həvalə edirsiniz. Və onlarca ABŞ konqresmeni balkonda durub seyr edirlər. Arzu etməkdən usanmayın və arzularınızın praqmatik olmasına nail olun. Təkcə özünüz üçün deyil, başqaları üçün də cığırlar salın həyatda. Və əgər bütün bunları etmək sizin içinizdən gəlirsə, demək arzu etmək və yaratmaq ehtirası var sizdə. Galxın və gedin onun arxasınca.

Önəmli Həyat Yaşamaq

Abraham Linkoln demişdir: "Şəxsiyyət ağacdır, ad onun kölgəsidir. Bəzən adın hallanmasına daha çox fikir veririk, amma önəmlisi ağacdır." İşləməyə başladığım ilk gündən çox mənalı bir həyat yaşamışam. Öyrənmək üçün susuzluğum sönməyib, tolerantlığa və müxtəlifliyə can atmışam həmişə. Mənim yaratmaq və mənalı yaşamaq ehtirasımı başa düşənlər məni daha da həvəsləndiriblər. Zəiflərdən güc toplayıb ayağa qalxmağı tələb etmişəm, güclülərə qol çırmalayıb işə qoşulmağa kömək etmişəm. Həyatda hər bir qəpiyimi alın tərimlə qazanmışam. Səhnəyə çixmağı sevməmişəm. Daha çox səhnə arxasında işləmişəm ki, arzular və ideyalar səhnədə parıldasın. Heç zaman bitməyən işdən ibarət olan həyatın sürətli axınında bir də durub görmüşəm ki, mən də bir ağac əkmişəm və o ağacın önəmi olub bütün bu illər boyu.

İŞLƏR

Diplomatiya, qeyri-dövlət təşkilatı, özəl şirkət, təhsilin idarəolunması, və hətta moda dünyası...Hər kəsə qəribə gəlir. Mən heç zaman düz xəttlə getməmişəm. Amma hər günüm yaratmaq ehtirası ilə dolu olub. Çox nadir imtiyazdı soruşsalar vəzifən, işin-gücün nədi, deyəsən ki, yaratmaq həvəsi və arzularımın arxasınca getmək.

TƏHSİL

Öyrənmək təkcə sinif otaqlarında baş vermir. Yaşayaraq da öyrənirik. Öyrənmək arzusu ilə daima bir mədəniyyətdən keçib başqasına getmişəm. Öz kökümü saxlamışam, başqa mədəniyyətlərdən öyrənmişəm, onların yaxşı tərəfini götürmüşəm. Azərbaycan, Rusiya, ABŞ, Argentina və İtaliya kimi ölkələrdə təhsil almışam. İngilis, ispan, italyan, rus və türk dilində danışıram, öz Azərbaycan dilimdə yazmağı bacarıram. Təhsil düşünmək və dərk etmək qabiliyyətimi genişləndirib, ətrafımdakı dünya nə cür olursa olsun, onu sevməyimə imkan yaradıb.

Amerika Birləşmiş Ştatları

2002-ci ildə Emory Universitetinin Goizueta Biznes İnstitutuna qəbul oldum. Goizueta MBA proqramı dünyanın top 25 proqramı sırasında idi. Bu, mənim həyatda etdiyim seçimlərdən bəlkə də ən önəmlisi oldu. Atlantada yaşayarkən çoxlu imkanlar açıldı qarşımda. Goizueta mənə biznesin idarəolunması üzrə yüksək səviyyəli təhsil verdi. 2004-cü ildə MBA kimi məzun oldum. Təsadüf elə gətirdi ki, bir neçə il sonra Rektor Hafiz Paşayevə qoşulub, Azərbaycanda dünya səviyyəli universitet yaratmaqla məşğul oldum. Və bu işə başlayanda, Goizueta mənim xəyallarımda hələ canlı idi.

ARĞENTINA

2000-ci illərin əvvəlində Arğentina böyük iqtisadi krizis keçirtdi. Müstəqillikdən sonra Azərbaycan da belə krizis yaşamışdı. Mən 2003-cü ilin mayında mübadilə proqramı vasitəsilə Universidad Torcuato di Tella-ya təhsil almağa getdim. Di Tella Cənubi Amerikada top biznes institutlarından birinə malikdir. Buenos Ayresdə yaşayarkən, iqtisadiyyatı dərindən öyrəndim, çətin zamanlarla üzləşən və nadir mədəniyyətə malik olan bir ölkədə yaşadım, özümə dostlar qazandım, İspan dilini mükəmməl öyrəndim. Arğentina həyatda yaşadığım qeyri-adi təcrübə kimi yaddaşımda qalacaq.

ITALİYA

Goizueta MBA proqramı özümü daha dərindən başa düşmək üçün mənə imkan yaratdı. Modanın idarə olunmasına marağım vardı və yalnız Giorgio Armani şirkətində işləmək istəyirdim. Şirkətin Atlantada yeni açılmış butikində staj keçməyə başladım, oradan Nyu Yorka, Marketing üzrə Vitse Prezidentlə işləməyə getdim. Daha sonra Milana köçdüm, SDA Bocconi-də Modanın İdarəolunması üzrə MBA proqramında bir semestr oxudum. İtaliya mənə kiçik biznes sahibkarlığını öyrətdi. Yüksək moda aləmində qazandığım təcrübə, əlaqələr və təhsil isə öz buznesimi yaratmağa gətirib çıxartdı.

AZƏRBAYCAN, sonra, RUSİYA

Hələ Azərbaycanın ucqar rayonunda yaşayan bir gənc ikən diplomat olmaq istəyirdim. Sıravi bir Azərbaycanlı üçün MGİMO-da oxumaq və SSRİ Xarici İşlər Nazirliyində işləmək qeyri mümkün idi. Buna nail olmaq üçün əvvəlcə tərcüməçilikdən başlamaq qərarına gəldim. Öncə, ingilis dilini öyrənmək üçün Bakıda Xarici Dillər İnstitutuna daxil oldum. Bir il oxuyandan sonra, Rusiyaya getdim və təhsilimi Nijni Novqorod şəhərindəki Xarici Dillər İnstitutunda davam edib, tərcüməçi diplomu aldım. Məzun olan ərəfədə Sovet İttifaqı dağıldı. Tarix istiqamətini dəyişdi və məqsədimə nail olmaq əzmimi qiymətləndirdi. Müstəqil Azərbaycanın Xarici İşlər Nazirliyində tərcüməçi kimi işə başladım. Qısa bir vaxtda, onun ilk diplomatlarından biri oldum.

MƏQALƏLƏR

Nadir hallarda şəkil çəkdirmişəm, videolarda görsənmişəm, və ya birinci sırada oturmuşam. Həmişə fikirləşirdim ki, onların o qədər mənası yoxdu. Mənim üçün mühüm olanı foto şansı deyil, əməllər və onlardan aldığım mənəvi zövq olub. Bu səhifədə, son bir neçə ildə yadda qalan xatirələrəmi bölüşmək istəyirəm.

Opera və Universitet

İyirminci əsrdə birinci neft bumu Azərbaycanda opera, balet, qızlar kolleci və bu kimi irs yaratdı. Bu nailiyyətlər müsəlman dünyasında ilk belə nümunələr idi. İyirmi birinci əsrdə ikinci neft bumu Azərbaycanda dünya standartları səviyyəsində universitet yaratdı. Opera birinci neft bumundan qalan ən böyük irslərdən biri idi. ADA Universiteti ikinci neft bumundan qalacaq ən böyük irslərdən biridir.

Ətraflı

Qəhrəmanlar Unudulmur

1992-ci ildə Bakının Gülüstan Sarayında Leydi Marqaret Tetçeri tərcümə etmişdim. 24 il sonra, Gülüstan Sarayında səhnəyə çıxıb, Azərbaycanın aparıcı universitetinin Birinci Prorektoru kimi çıxış etdim. O axşam həmin zalda 500-dən çox qonaq vardı. Cəmisi 10 gün ərzində 1 milyon manatdan çox vəsait toplamışdıq. Bu vəsait hesabına vətən uğrunda həlak olan qəhrəmanlarımızın övladları və həyat yoldaşları ADA Universitetində pulsuz oxuya biləcək.

Ətraflı

100 İlin Təfəkkürü, Maarifi, Dəyərləri

2018-ci ilin məzun günü Şərq dünyasında ilk respublika olan Azərbaycan Demokratik Respublikasının 100 illiyinə həsr olunmuşdu. Biz, həmin gün bu məmləkətin 100 il ərzində qazandığı təfəkkür, maarif və dəyərləri vurğuladıq. Azərbaycanın Axundov, Zərdabi, Sabir, Üzeyir... kimi təfəkkür sahiblərinin portretləri və ruhu ilə dolu idi ADA Universiteti.

Ətraflı