2011-ci il mayın 2-də Səfir Hafiz Paşayevin 70 illik yubileyini qeyd etməyə toplaşmışdıq. Azərbaycan Diplomatik Akademiyasının müəllim, tələbə və işçiləri kimi bir araya gəlmişdik. Hafiz Bəyin ailəsi də gəlmişdi. Qonaqlar arasında nazirlər də vardı. Azərbaycanın Birinci Xanımı da yubiley gecəsində iştirak edirdi. Unudulmaz bir axşam idi. Tələbələr, müəllimlər, nazirlər, ailə üzvləri... hamı dövlətə və ictimaiyyətə xidmətin müvəffəqiyyət nümunəsinə hörmət əlaməti olaraq bir araya toplaşmışdı.
Həmin axşam son 18 ildə ilk dəfə səhnəyə qalxıb çıxış etdim. Mənliyimizi yoğurub formalaşdıran prinsip və dəyərlərdən danışdım. Şəxsiyyətin bütövlük nümunəsi olan və öz ölkəsinə şərəflə qulluq edən bir ictimai xadim haqqında danışdım. Elə bir xadim ki, onun həyatı və mənliyi ətrafındakı hər kəsi və hər şeyi həmişə dəyişib. Bu insanla illər boyu xalqına qulluq amacında yol yoldaşı olmaq mənim də həyatımı dəyişib. O, mənə həyatda yol göstərib. Həyatı mənalı yaşamaq yolunu.
Həmin axşamkı çıxışımın videosunu bölüşmək istəyirəm. Fürsətdən istifadə edib, ABŞ Prezidentinin sabiq Milli Təhlükəsizlik üzrə Müşaviri Dr. Zbigniew Brzezinskinin təəssüratlarını da bölüşürəm. Dr Brzezinski və Səfir Paşayev yaxın dost idilər. Zbigniew Brzezinski arzulardan, ümidlərdən, fədakarlıqdan, vətənə sadiqlikdən, qürurlu Azərbaycanlı olmaqdan, müstəqil Azərbaycanlı olmaqdan duyulan məmnunluqdan danışır. O deyir ki, həmin başlanğıc illəri qeyri-adi illər idi. Həqiqətən həmin illər qeyri adi illər idi.
Dr. Brzezinski Səfir Paşayevin xüsusiyyətlərini sadalayır. Hafiz Paşayev bu xüsusiyyətləri onunla təmasda olan hər kəsə ötürən bir adam olub. Sözünü bitirən Dr. Brzezinski ona "əminəm ki, bundan sonra da vətənə xidmətdə və xalqına xidmətdə müvəffəq və mühüm olacaq bir karyera" arzulayır.
Bir dəfə Mir Cəlal Paşayevdən soruşurlar ki, onun şah əsəri hansıdır. Yazıçı deyir ki, onun şah əsəri onun ailəsidir. Həmin gecə mən hamıya söylədim ki, Səfir Hafiz Paşayevin şah əsəri Azərbaycan Diplomatik Akademiyasıdır. Və onun adından hamıya söz verdim ki, biz bir universitet yaradacayıq, ona dünya şöhrəti qazandıracayıq, onu güclənməkdə olan bu ölkənin qürur nöqtəsinə çevirəcəyik, özəl deyil, dövlət məktəbi yaradacayıq, dövlətin bizə verdiyi dəstəyi dövlətə xidmət edəcək vətəndaşlar şəklində qaytaracayıq bu məmləkətə. İndi durub geriyə baxanda görürsən ki, sözümüzü yerinə yetirdik, özü də artıqlaması ilə.
Qalib Məmməd
Dr. Zbigniew Brzezinski-nin çıxışını və o gecədən olan video klipi burada izləmək olar.
"...O günlər qeyri adi günlər idi. Azərbaycan o vaxta qədər qazana bilmədiyini - sözün həqiqi mənasında siyasi müstəqilliyini əldə etməyə başlamışdı. Və Siz də onun səfiri idiniz. Siz Amerikaya amerikalıları, eyni zamanda, məni öz ölkənizlə, onun amacları ilə, onun ümidləri ilə, onun əzmi ilə tanış etməyə gəlmişdiniz. Və bu tanıtmaq əzmi təkcə sizin xalqınıza, sizin ölkənin rəhbərliyinə aid deyildi, həm də Sizə aid idi. Sizinlə tanış olan kimi hiss etdim ki, Siz vətənə sadiq adamsınız, Azərbaycanlı olmaqdan qürur duyursunuz, müstəqil Azərbaycanlı olmaqdan məmnunsunuz. Tam səmimi olaraq deyim ki, o hissləri nəinki tam başa düşürdüm, eyni zamanda, sizinlə tam bölüşürdüm. Mənə də aid olan müxtəlif səbəblərə görə, Siz həmin səbəbləri yəqin ki, bilirsiniz və ya anlaya bilərsiniz. Ona gərə də elə ilk görüşdən özümü şəxsən Sizə və Sizin ölkənizə yaxın hiss etdim. Və deməliyəm ki, Siz burada səfir kimi xidmət göstərdiyiniz illərdə Azərbaycanı xəritəyə qoydunuz. Zaman keçdikcə Siz daha çox amerikalıya öz ölkənizin tarixini, onun geopolitik mövqeyini, onun müvəffəq olmaq əzmini başa sala bildiniz. Və hər ikimiz üçün, həm Amerika, həm də Azərbaycan üçün ən önəmlisi olaraq, həmin başlanğıc illərində strateji münasibətlərimizin əsası quruldu. Və xatırlayırsınizsa, mən ABŞ Prezidentinin xüsusi elçisi kimi Bakıya getdim, Sizin o zamankı Prezidentiniz Heydər Əliyevlə sonradan tikilmiş olacaq neft boru kəmərinin özəlliklərini, ABŞ və Azərbaycan arasında strateji əməkdaşlığı müzəkirə etdim. Müəyyən bir mənada biz ikimiz də bu gün yaranmış hər şeyin başlangıcını qururduq. Özüdə çox mühüm bir dövrdə, münasibətlərimizin yarandığı bir dövrdə ki, Siz o zaman çox mühüm bir rol oynadıniz. Mən Sizi təbrik edirəm, Sizi alqışlayıram, Sizə salamlarımı göndərirəm, və Sizə vətənə xidmət və xalqa xidmət yolunda əminəm ki, bundan sonra da müvəffəqiyyətli və mühüm olacaq karyeranızda uğurlar arzulayıram. Salamat qal, Hafiz. Bu Zbig idi."
Zbigniew Brzezinski
İyirminci əsrdə birinci neft bumu Azərbaycanda opera, balet, qızlar kolleci və bu kimi irs yaratdı. Bu nailiyyətlər müsəlman dünyasında ilk belə nümunələr idi. İyirmi birinci əsrdə ikinci neft bumu Azərbaycanda dünya standartları səviyyəsində universitet yaratdı. Opera birinci neft bumundan qalan ən böyük irslərdən biri idi. ADA Universiteti ikinci neft bumundan qalacaq ən böyük irslərdən biridir.
Read More1992-ci ildə Bakının Gülüstan Sarayında Leydi Marqaret Tetçeri tərcümə etmişdim. 24 il sonra, Gülüstan Sarayında səhnəyə çıxıb, Azərbaycanın aparıcı universitetinin Birinci Prorektoru kimi çıxış etdim. O axşam həmin zalda 500-dən çox qonaq vardı. Cəmisi 10 gün ərzində 1 milyon manatdan çox vəsait toplamışdıq. Bu vəsait hesabına vətən uğrunda həlak olan qəhrəmanlarımızın övladları və həyat yoldaşları ADA Universitetində pulsuz oxuya biləcək.
Read More2018-ci ilin məzun günü Şərq dünyasında ilk respublika olan Azərbaycan Demokratik Respublikasının 100 illiyinə həsr olunmuşdu. Biz, həmin gün bu məmləkətin 100 il ərzində qazandığı təfəkkür, maarif və dəyərləri vurğuladıq. Azərbaycanın Axundov, Zərdabi, Sabir, Üzeyir... kimi təfəkkür sahiblərinin portretləri və ruhu ilə dolu idi ADA Universiteti.
Read More